Beynəlxalq olimpiada qalibi Seljan Suleymanli dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.
Aztəhsil.az xəbər verir ki, universitetin Qəbul Komissiyası tərəfindən göndərilən rəsmi məktubda onun yüksək akademik və şəxsi nailiyyətləri xüsusi vurğulanır və Seljanın MIT üçün uyğun namizədlərdən biri olduğu qeyd edilir.
Seljan Süleymanlı əldə etdiyi uğurlarla son illərdə Azərbaycanı beynəlxalq elmi arenada layiqincə təmsil edib. O, Respublika fənn olimpiadalarında dəfələrlə yüksək nəticələr göstərib. 2022-ci ildə RFO-nun bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medalçısı olub.
Bununla yanaşı, Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında da mühüm uğurlara imza atıb. 2023-cü ildə bu olimpiadada bürünc medal əldə edən Seljan 2024-cü ildə qızıl medal qazanaraq “birincilərin birincisi” adına layiq görülüb.
Onun beynəlxalq səviyyədə ən böyük nailiyyətlərindən biri 2025-ci ildə keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazanması olub. Bu nəticə ilə Seljan Süleymanlı həmin olimpiadada medal əldə edən ilk azərbaycanlı qız kimi tarixə düşüb. Eyni ildə o, Asiya Fizika Olimpiadasında da həvəsləndirici mükafata layiq görülüb.