Aztehsil.az xəbər verir ki, ABŞ-nin Çikaqo şəhərində təhsil alan azərbaycanlı gənclər — İbrahim Cümşüdlü, Əli Şükürov və Ayhan Şahmarov “FitFindAI” adlı, süni intellekt əsaslı moda texnologiyası startapı yaradıblar.
ABŞ-də fəaliyyət göstərən, yüksək inkişaf potensialı olan startaplara maliyyə, mentorluq və investor əlaqələri təmin edən “gener8tor Accelerator” proqramı soydaşlarımızın layihəsini 1,6 milyon ABŞ dolları həcmində qiymətləndirib.
Bu da layihənin ABŞ-də perspektivli texnologiya startapı kimi dəyərləndirilməsinin göstəricisidir. Proqram, həmçinin seçilmiş startaplara 12 həftə ərzində biznes strategiyası, investorlarla görüşlər, təcrübəli mentor dəstəyi və ilkin investisiya da təqdim edir.
Bu layihə istifadəçilərə istədikləri geyimləri həm mətn vasitəsilə, həm də şəkil yükləməklə tapmağa imkan verir. Tətbiq istifadəçinin yerləşdiyi əraziyə uyğun olaraq müxtəlif geyim markaları arasında axtarış aparır və uyğun məhsulları təqdim edir.