*Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi təhsil müəssisələrinin əhatə dairəsini genişləndirməyi hədəfləyirik. Yeni təmayül tədris modeli yeni tədris ilindən 100 müəssisədə tətbiq olunacaq".
“Aztəhsil.az” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni təmayül tədris modeli 2024-cü ilin sentyabr ayından ölkəmizdə təhsilin keyfiyyətinin artırılması və məktəbin rolunun gücləndirilməsi məqsədilə tam orta təhsil səviyyəsi üzrə tətbiq edilir. Məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri biliklərə yiyələnməsini təmin etməkdir. Bununla bağlı xüsusi tədris planlarının hazırlanması, fənlər üzrə dərinləşdirilmiş proqramların təşkili həyata keçirilir. İxtisaslaşmış və yüksək nəticə göstəricilərinə malik müəllimlərin prosesə cəlb olunması layihənin əsas üstünlüklərindəndir.
E.Bağırov əlavə edib ki, cari tədris ilində tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli ümumilikdə 14 təhsil müəssisəsində təşkil edilib və 1584 şagiri əhatə edir:
"Növbəti tədris ili üçün bu modelin tətbiq edildiyi müəsssisələrin sayını artırmağı hədəfləyirik. Şagirdlərin qəbulu ilə bağlı elanlar artıq paylaşılmağa başlayıb. Layihə çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin keyfiyyət göstəriciləri mütəmadi olaraq monitorinq edilir. 2025–2026-cı tədris ilinin sentyabr–dekabr aylarını əhatə edən dövr üzrə aparılmış təhlillər göstərir ki, şagirdlərin orta aylıq davamiyyət faizi əksər məktəblərdə 95–100 faiz intervalında dəyişib. Bununla yanaşı yeni təmayül tədris modeli əsasında təhsil alan şagirdlərin buraxılış imtahanındakı nəticələrinin təhlili onu deməyə əsas verir ki, bütün müəssisələrin orta bal göstəricisi müvafiq şəhər üzrə ümumi orta balı mütəmadi olaraq üstələyib. 100 baldan aşağı nəticə göstəriciləri bütün müəssisələrdə minimuma endirilib".