Sosial çürümə səssiz başlayır...

Sosial çürümə səssiz başlayır...
Bölmə adı Xəbərlər
Yayımlandı 5 İyul 2026, 22:28

Deyirlər, bir cəmiyyəti tanımaq istəyirsənsə, onun ən zəif insanlarına necə davrandığına bax. Son vaxtlar isə ətrafımıza baxanda adamın ürəyi sıxılır. Hamı tələsir, hamı əsəbidir, hamı öz dərdini yaşayır. Sanki bir az mehriban olmaq, bir-birimizi anlamaq mümkün deyilmiş kimi...

Sosial çürümə elə birdən-birə olmur. Biz səhər oyanıb "artıq cəmiyyət çürüyüb" demirik. Bu, xırda şeylərlə başlayır. Növbədə bir-birini itələyən adamla, küçəyə zibil atanla, yalanı adi hal sayanla, başqasının haqqını tapdalayıb bunu "bacarıq" kimi göstərənlə...

Ən pisi də odur ki, bunlara artıq təəccüblənmirik. Çünki öyrəşmişik.

Sosial şəbəkələr də buna şahid oluruq. Bir xəbər paylaşılır, şərhlərin çoxunda təhqir, istehza, nifrət... Fərqli fikrə dözümsüzlük sanki normal hal alıb. Aparılan araşdırmalara görə, son dövrlərdə aqressiya artıb, qeyd edək ki, internet istifadəçilərinin təxminən hər üç nəfərindən biri həyatında ən azı bir dəfə onlayn təhqir və ya zorakılıqla qarşılaşıb. Bu rəqəm təsadüfi deyil. O, insanların bir-birinə münasibətinin dəyişdiyini göstərir.

Başqa bir maraqlı fakt da var. Son illərdə müxtəlif beynəlxalq sorğulara əsasən insanların bir-birinə olan etimadının azaldığını görürük. İnsanlar daha az inanır, daha çox şübhələnir. Etimadın olmadığı yerdə isə nə sağlam münasibət qurmaq olur, nə də güclü cəmiyyət var ola bilər.

Bütün günahı telefonda, internetdə və ya gənclərdə axtarmaq da asandır. Əslində problem daha dərindir. Uşaq evdə,ətrafda, cəmiyyətdə nə görürsə, küçədə onu davam etdirir. Böyük yalan danışırsa, balacadan dürüstlük gözləmək çətindir. Burada valideynlərə və pedaqoqlara böyük yük düşür.

Məncə, sosial çürümənin ən qorxulu tərəfi pis insanların çoxalması deyil. Pis davranışın adi hala çevrilməsidir. Rüşvətə "hədiyyə", kobudluğa "sərtlik", vicdansızlığa "zirəklik" deyəndə artıq problem təkcə fərddə olmur.

Yenə də ümid var. Çünki cəmiyyəti dəyişən böyük şüarlar yox, kiçik hərəkətlərdir. Kiməsə təşəkkür etmək, yaşlı bir insana kömək etmək, haqqı gözləmək,növbə mədəniyyətinə əməl etmək, sosial şəbəkədə təhqir yox, arqument yazmaq... Bunlar kiçik görünə bilər, amma böyük dəyişikliklər həmişə belə başlayır.

Biz tez-tez "bu ölkə niyə belədir?" deyə sual veririk. Bəlkə bir dəfə də özümüzdən soruşaq: "Mən bu gün bu cəmiyyəti bir az da yaxşı etmək üçün nə etdim?"

Çünki sosial çürümə də insanlardan başlayır. Onu dayandıracaq olan da elə yenə insanın özüdür.

(c) aztehsil.az