BDU-da məzun şəkilləri QALMAQALI: Pul ödəməyən tələbələr kollektiv fotodan kənarlaşdırılıb?

BDU-da məzun şəkilləri QALMAQALI: Pul ödəməyən tələbələr kollektiv fotodan kənarlaşdırılıb?
Bölmə adı Xəbərlər
Yayımlandı 18 İyun 2026, 23:24

Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbələri məzun şəkillərinin çəkilişi prosesi ilə bağlı narazılıqlarını Aztehsil.az-a bildirirlər.

Tələbələrin sözlərinə görə, universitet tərəfindən onlara məzun çəkilişlərinin yalnız universitetin seçdiyi fotoqraf vasitəsilə həyata keçirilə biləcəyi bildirilib. Lakin çəkiliş günü tələbələrə təqdim olunan məlumatdan fərqli olaraq, həmin fotoqraf özü tədbirdə iştirak etməyib və onun əvəzinə köməkçiləri göndərilib.

Narazılıq doğuran əsas məqam isə kollektiv məzun şəkilləri ilə bağlı olub. İddialara görə, fotoqraf xidmətinə görə ödəniş etməyən tələbələrin kollektiv fotolarda iştirakına icazə verilməyib. Tələbələr bildirirlər ki, çəkiliş zamanı fotoqrafın köməkçilərindən biri “universitetin icazəsi yoxdur” ifadəsini işlədərək ödəniş etməyən şəxslərin ümumi fotoya qoşulmasına mane olub.

Məsələ ilə bağlı etiraz edən tələbələr hesab edirlər ki, eyni qrupun üzvü olan bir şəxsin yalnız fotoqraf xidmətindən istifadə etmədiyi üçün kollektiv məzun şəkillərindən kənarda saxlanılması ədalətli deyil.

“Tələbələrin bəzilərinin maddi imkanı olmaya bilər və ya onlar şəkillərini öz telefonları ilə çəkməyi üstün tuta bilərlər. Bu isə onların kollektiv məzun fotolarında iştirak etmək hüququnun məhdudlaşdırılması üçün əsas olmamalıdır. Kollektiv şəkil bütün qrupun xatirəsidir və burada ayrı-seçkiliyə yol verilməsi düzgün deyil”, – deyə tələbələr bildirirlər.

Onların fikrincə, bir neçə nəfərin ödəniş etməməsinə görə kollektiv fotodan uzaqlaşdırılması həm mənəvi baxımdan narahatedicidir, həm də tələbələr arasında fərq qoyulması təəssüratı yaradır.Eyni zamanda tələbələr çəkilişi bəyənmədiklərini bildiriblər.

Tələbələr Bakı Dövlət Universitetindən məsələyə aydınlıq gətirilməsini, kollektiv fotolarda iştirakın hansı hüquqi və ya inzibati əsaslarla məhdudlaşdırıldığının izah edilməsini və bu qərarın yenidən nəzərdən keçirilməsini istəyirlər.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin mövqeyini öyrənmək mümkün olarsa, qarşı tərəfin cavabını da dərc etməyə hazırıq.