İyunun 17-də Dövlət Proqramı İdarəetmə Qrupu ilə ADA Universiteti arasında ADA Universiteti və Corc Vaşinqton Universitetinin (CVU) birgə həyata keçirdiyi ikili diplom proqramının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərinin müzakirəsinə həsr olunmuş işgüzar görüş baş tutub.
"Aztəhsil.az" xəbər verir ki, görüşdə Dövlət Proqramı İdarəetmə Qrupu və ADA Universitetinin rəhbər heyəti iştirak edib.
Görüşün əsas məqsədi ADA–CVU ikili diplom proqramı çərçivəsində 2020–2025-ci illər ərzində əldə olunmuş nəticələrin qiymətləndirilməsi, proqramın strateji inkişaf istiqamətlərinin, maliyyə dayanıqlılığının və 2026–2027-ci tədris ili üzrə tələbə qəbulu prosesinə hazırlıq məsələlərinin müzakirəsi olub.
Müzakirələr zamanı ADA Universiteti tərəfindən proqram üzrə mövcud müqavilənin qüvvədə olan normativ-hüquqi tələblərə uyğunlaşdırılması istiqamətində müvafiq işlərin davam etdirildiyi bildirilib. Eyni zamanda 2026–2027-ci tədris ilindən etibarən proqram çərçivəsində yeni ixtisasın əlavə olunması ilə bağlı nəzərdə tutulan qəbul kvotasının tam formalaşdırılması məqsədilə təşviqat və məlumatlandırma fəaliyyətlərinin gücləndirildiyi qeyd edilib. DPİQ rəhbərliyi isə proqramın səmərəli və dayanıqlı icrasının təmin edilməsi məqsədilə qüvvədə olan qaydalar çərçivəsində zəruri dəstəyin göstərilməsinə hazır olduqlarını ifadə edib.
Görüşdə həmçinin tərəflər məzunların məşğulluq göstəriciləri və əmək bazarına inteqrasiyası, eləcə də beynəlxalq tərəfdaşlığın daha da gücləndirilməsi və proqramın keyfiyyətinin, səmərəliliyinin artırılması istiqamətində də fikir mübadiləsi aparıblar.