Oxuyan insanı təhsil, düşünən insanı media yetişdirir

Oxuyan insanı təhsil, düşünən insanı media yetişdirir
Bölmə adı Xəbərlər
Yayımlandı 22 İyul 2026, 09:47

22 iyul Azərbaycan milli mətbuatının tarixində xüsusi əhəmiyyətə malik gündür. Məhz 1875-ci ilin bu günündə böyük maarifçi Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etməklə milli mətbuatımızın təməlini qoydu. "Əkinçi" təkcə ilk Azərbaycan dilli qəzet deyildi, həm də xalqın maariflənməsi, elmə, təhsilə və milli oyanışa çağırışın rəmzi idi. Bu mənada Azərbaycan mətbuatının yaranması məhz təhsilin və maarifçiliyin inkişafı ilə ayrılmaz şəkildə bağlıdır.

Tarixin müxtəlif dövrlərində Azərbaycan mətbuatı ağır sınaqlardan keçib. Xüsusilə sovet hakimiyyəti illərində söz və fikir azadlığı ciddi məhdudlaşdırılır, mətbuat əsasən ideoloji nəzarət altında fəaliyyət göstərirdi. Müstəqil düşüncəyə, obyektiv jurnalistikaya və sərbəst tənqidə geniş imkan verilmirdi. Jurnalistikanın əsas missiyası olan həqiqəti cəmiyyətə çatdırmaq əvəzinə, daha çox dövlət ideologiyasının təbliği ön plana çıxarılırdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatın inkişafı üçün yeni mərhələ başlandı. Söz və ifadə azadlığının təmin edilməsi, müstəqil medianın formalaşması və informasiya mühitinin genişlənməsi istiqamətində mühüm addımlar atıldı. Son illərdə rəqəmsal medianın inkişafı, jurnalistlərin peşə fəaliyyətinin dəstəklənməsi, media institutlarının təkmilləşdirilməsi və informasiya siyasətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar ölkədə media mühitinin inkişafına xidmət edir.

Lakin müasir informasiya dövrü təkcə imkanlar deyil, həm də ciddi çağırışlar yaradır. Sosial şəbəkələrin və rəqəmsal platformaların geniş yayılması ilə yanaşı, dezinformasiya, saxta xəbərlər və məqsədli informasiya manipulyasiyaları da artıb. Bəzən xaricdən idarə olunan və ya müxtəlif maraq qruplarının təsiri altında yayılan əsassız məlumatlar cəmiyyət arasında çaşqınlıq yaratmağa, dövlətin və milli maraqların nüfuzuna zərər vurmağa yönəlir. Belə hallarda hər bir media nümayəndəsinin, hər bir vətəndaşın əsas vəzifəsi məlumatın doğruluğunu yoxlamaq, təsdiqlənməmiş informasiyanı paylaşmamaq və milli maraqları hər zaman üstün tutmaqdır.

Azad söz məsuliyyətsiz söz demək deyil. Həqiqi jurnalistika faktlara söykənən, balanslı və vicdanlı jurnalistikadır. Cəmiyyətin etimadını qazanan media yalnız həqiqəti araşdıran, obyektiv mövqe nümayiş etdirən və ictimai maraqları rəhbər tutan mediadır.

Təhsil sahəsi isə medianın ən həssas və strateji istiqamətlərindən biridir. Məktəblərdə, universitetlərdə və digər təhsil müəssisələrində baş verən problemlərin işıqlandırılması vacibdir. Çünki sağlam tənqid nöqsanların aradan qaldırılmasına, şəffaflığın artırılmasına və keyfiyyətin yüksəlməsinə xidmət edir. Bununla yanaşı, təhsil mediası yalnız problemləri deyil, uğurlu müəllimləri, savadlı şagirdləri, beynəlxalq nailiyyətləri, innovativ layihələri və elm adamlarının fəaliyyətini də geniş şəkildə ictimaiyyətə çatdırmalıdır. Çünki inkişaf təkcə tənqidlə deyil, müsbət nümunələrin təşviqi ilə də mümkün olur.

Mətbuat və təhsil bir-birini tamamlayan iki mühüm sahədir. Güclü təhsil savadlı oxucu yetişdirir, peşəkar media isə savadlı cəmiyyət formalaşdırır. Oxumağı, araşdırmağı və tənqidi düşünməyi bacaran gənclər dezinformasiyanın təsirinə düşmür, doğru ilə yanlışı ayırd edə bilir və ölkəsinin inkişafında fəal iştirak edirlər.

Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri və maarifçi qələm sahiblərini təbrik edir, onlara həqiqətə sadiqlik, peşəkarlıq və uğurlar arzulayırıq. İnanırıq ki, milli mətbuatımız bundan sonra da Azərbaycan dövlətinin inkişafına, cəmiyyətin maariflənməsinə və xüsusilə təhsilin tərəqqisinə öz layiqli töhfəsini verməyə davam edəcək. Çünki güclü dövlətin təməlində savadlı cəmiyyət, savadlı cəmiyyətin formalaşmasında isə azad, məsuliyyətli və peşəkar media dayanır.