“Təhsilin mərkəzi, ən vacib iştirakçısı uşaqlardır. Digər tərəflər uşaqların təhsilinin daha yaxşı olması üçün əllərindən gələni etməlidirlər. Uşaqların inkişafı təkcə təhsil müəssisələrinin deyil, bütün cəmiyyətin vacib funksiyasıdır. Bu mənada qarşılıqlı əlaqənin qurulması olduqca vacibdir”.
Aztəhsil.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda səsləndirib.
Nazir bildirib ki, əsas məqsəd uşağı prosesin mərkəzinə yerləşdirərək müzakirələri onun ətrafında və onun maraqları naminə aparmaqdır. Əsas vəzifə uşağın inkişafına müsbət təsir göstərəcək dəyişikliklərə nail olmaqdır.
E. Əmrullayevin fikrincə, bir çox hallarda aparılan müzakirələr uşaqlar üçün deyil, məhz uşaqlar haqqında aparılır ki, bu yanaşma dəyişdirilməlidir.