Braziliyada yaşayan 19 yaşlı Débora Sousa Rocha əzmkarlığı və təhsilə olan sevgisi ilə minlərlə insana ilham verib. Ailəsinin maddi imkanlarının məhdud olmasına baxmayaraq, o, anasının zibildən və küçələrdən topladığı dərs kitabları ilə hazırlaşaraq tibb fakültəsinə qəbul olmağı bacarıb.
Aztehsil.az xəbər verir ki, Déboranın anası Maria Miracena təkrar emal üçün material toplayaraq ailəsini dolandırırdı. O, iş zamanı qarşısına çıxan kitabları qızına gətirir, Débora isə həmin kitablardan istifadə edərək universitet imtahanlarına hazırlaşırdı.
Pandemiya dövründə gənc qızın vəziyyəti daha da çətinləşmişdi. Onların evində nə kompüter, nə də internet var idi. Débora dərslərini ekranı qırılmış mobil telefon vasitəsilə izləməyə çalışır, müəllimlərinin hazırladığı çap materiallarından istifadə edirdi.
İlk cəhdində uğur qazana bilməsə də, o, təhsilindən vaz keçmədi. Yarımştat işləməklə yanaşı, hər gün gecə saatlarınadək dərs oxudu və ikinci cəhdində iki dövlət universitetinin tibb fakültəsinə qəbul olundu. Daha sonra evinə yaxın olduğu üçün Bahia ştatındakı universiteti seçdi.
Déboranın uğuru bir daha göstərir ki, əzm, zəhmət və ailə dəstəyi bəzən ən çətin maneələri belə aşmağa kömək edir. Onun hekayəsi təhsilin insan həyatını dəyişdirə bilən ən güclü vasitələrdən biri olduğunu sübut edir.