Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib olmuş “Oxu-Anla-İnkişaf et!” layihəsi

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib olmuş “Oxu-Anla-İnkişaf et!” layihəsi
Bölmə adı Xəbərlər
Yayımlandı 10 İyun 2026, 16:20

Bakı şəhəri, Suraxanı rayonu B.Pələngov adına 285 nömrəli tam orta ümumi təhsil məktəbində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib olmuş “Oxu-Anla-İnkişaf et!” layihəsinin bağlanış tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, təlimçilər, şagirdlər və valideynlər iştirak etdilər.

Aztehsil.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Layihə rəhbəri Aybəniz Rüstəmova çıxış edərək layihənin məqsəd və vəzifələrini, 6 ay ərzində görülmüş işləri və əldə olunan nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, layihənin əsas məqsədi 5–8-ci sinif şagirdlərində oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda onların psixoloji dəstəklə təmin olunması olmuşdur.

Layihəyə iki qrup üzrə ümumilikdə 40 şagird cəlb edilmişdir. Layihə çərçivəsində keçirilən təlimlər Leyla Teymurova və Aytən Eyvazova tərəfindən həyata keçirilmiş, şagirdlərin oxu, anlama, təhlil və özünüifadə bacarıqlarının inkişafına mühüm töhfə verilmişdir.

Tədbirdə çıxış edən şagirdlər və valideynlər layihənin onların həyatında yaratdığı müsbət dəyişikliklərdən, əldə olunan nailiyyətlərdən bəhs edərək layihə komandasına təşəkkürlərini bildirdilər. Valideynlər məktəb-valideyn əməkdaşlığının güclənməsini və övladlarının inkişaf dinamikasında müşahidə etdikləri müsbət irəliləyişləri xüsusi vurğuladılar.

Sonda məktəbin direktoru Nuranə Yəhyayeva belə bir əhəmiyyətli layihənin məktəbdə uğurla icra olunaraq başa çatmasından məmnunluğunu ifadə etdi, layihənin təşkilatçılarına, təlimçilərə, valideynlərə və şagirdlərə təşəkkürünü bildirdi. Təlim iştirakçıları sertifikatla təltif olundu, hədiyyələr təqdim edildi. “Oxu-Anla-İnkişaf et!” layihəsi bir daha göstərdi ki, düzgün istiqamətləndirilmiş təhsil və psixoloji dəstək şagirdlərin hərtərəfli inkişafında mühüm rol oynayır.