Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasında) qəbul üçün ümumilikdə 125 918 abituriyent qeydiyyatdan keçib.
Aztəhsil.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, onlardan 125 918 nəfəri ali təhsil müəssisələrinə (Ali TM), 116 825 nəfəri isə 11 illik baza üzrə kolleclərə sənəd verib.
Ali məktəblərə müraciət edənlərin 116 854-ü Azərbaycan bölməsi, 12 486-si rus bölməsi üzrə qeydiyyatdan keçib. Kolleclərə müraciət edənlər arasında isə 106 990 nəfər Azərbaycan, 9 835 nəfər rus bölməsini seçib.
“Ana dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında iştirak edəcək abituriyentlərin sayı 11 343 nəfərdir. Onlardan 10 660 nəfər buraxılış imtahanı çərçivəsində, 683 nəfər isə qəbul imtahanı (I cəhd) çərçivəsində imtahan verəcək.
Bundan əlavə, 2025-ci ildə “məqbul” qiymət alaraq cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 1142 nəfər təşkil edir.
Həmçinin 2025-ci il buraxılış və I mərhələ test imtahanlarının nəticələrinə əsasən müsabiqəyə qoşulan abituriyentlərin sayı 2 740 nəfərdir.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 5 mart tarixində yekunlaşır. Qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmır.