“Ümumilikdə müsabiqədə ölkə üzrə 2316 məktəb iştirak edib ki, onların 1200-dən çoxu kənd və qəsəbə məktəbləri olub. Demək olar ki, ölkənin bütün rayon və şəhərlərindəki məktəblər “BilBacar” müsabiqəsinə qoşulub”.
“Azətəhsil.az” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun Təhsildə Məzmun və Qiymətləndirmə Mərkəzinin direktoru İbrahim Baxışlı “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində məlumat verib.
O bildirib ki, dörd mərhələli yarışın nəticələrinə əsasən, ən yüksək nəticə göstərən təxminən 200 nəfər 3-cü, 200 nəfər 4-cü sinif şagirdi finala vəsiqə qazanıb: “Finalçılar arasından isə 36 nəfər qalib müəyyən edilib. Gender bölgüsünə baxsaq, iştirakçı şagirdlər arasında qız və oğlanların nisbəti demək olar ki, bərabər olub. Finalçıların 55 faizi qız, 45 faizi isə oğlandır. Qaliblər arasında 16 qız və 20 oğlan yer alıb”.
T.Baxışlı qeyd edib ki, ümumilikdə 3 və 4-cü sinif şagirdlərinin 67 faizi “BilBacar” müsabiqəsində iştirak edib: “Qaliblərə baxdıqda isə onlar müxtəlif rayon və şəhərləri təmsil edirlər. 11 şagird Bakıdan, 6 şagird Gəncədən, 5 şagird Sumqayıtdan, 3 şagird Abşerondan, 2 şagird İmişli, həmçinin Ağsu, Balakən, Culfa, Hacıqabul, Kəlbəcər, Mingəçevir, Ordubad, Şabran və Şəkinin hər birindən 1 nəfər şagird qalib adını qazanıb”.