Aztəhsil.az xəbər verir:
Sumqayıt şəhəri, 17 saylı orta məktəbin şagirdi Əli Əsgərov uğurunun sirrini belə açıb:
“Ciddi hazırlaşaraq buraxılış imtahanında yüksək nəticə əldə etməyi bacardım. Mənim üçün ən çətin fənn Azərbaycan dili idi. Bu səbəbdən digərləri ilə yanaşı, xüsusilə bu istiqamətdə daha əzmlə çalışdım və nəticədə hədəfimə çatdım.
Əsas məqsədim Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmaqdır. Gələcəkdə də fəaliyyətimi məhz bu sahə üzrə qurmağı planlaşdırıram.
Təhsilimi xaricdə, yoxsa Azərbaycanda davam etdirəcəyim barədə hələ tam qəti qərar verməmişəm. Bu yolda digər abituriyentlərə tövsiyəm odur ki, aydın məqsədləri olsun və bu məqsəd uğrunda davamlı şəkildə çalışsınlar. Gün ərzində zamanı düzgün bölüşdürmək və dərslərə kifayət qədər vaxt ayırmaq uğurun əsas açarıdır. Hazırlıq dövründə asudə vaxtlarımı kitab oxuyaraq, film izləyərək və ya açıq havada gəzərək keçirirdim. Əvvəllər olimpiadalarda iştirak etsəm də, medal qazanmaq nəsib olmamışdı. İlk böyük uğurum isə məhz bu imtahanda 300 bal toplamağım oldu”.
mənbə: Qafqazinfo