Martın 5-də Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Aztəhsil.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.
Tədbirin davamında qaliblərə medal və sertifikatlar təqdim olunub.
İştirakçılar 16 qızıl, 35 gümüş, 56 bürünc medal olmaqla ümumilikdə 107 medal qazanıblar. Münsiflərin təsis etdiyi 6 ədəd "Xüsusi mükafat" da sahiblərinə verilib.
Ən çox uğur qazanan layihələr ekologiya, fizika, riyaziyyat, kimya, robototexnika, sağlamlıq sahələrini əhatə edib.
Qeyd edək ki, "Sabahın alimləri" müsabiqəsi Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Təhsil İnstitutu, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilib.
Müsabiqənin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.