WhatsApp-da YENİLİK: Artıq telefon nömrəsi ilə yazışmaq mümkün olmayacaq

WhatsApp-da YENİLİK: Artıq telefon nömrəsi ilə yazışmaq mümkün olmayacaq
Bölmə adı Xəbərlər
Yayımlandı 2 İyul 2026, 22:50

Aztəhsil.az xəbər verir:

WhatsApp istifadəçilərin telefon nömrəsini paylaşmadan ünsiyyət qurmasına imkan verəcək yeni funksiyanı təqdim edir. Yeniliyə əsasən, istifadəçilər bir-biri ilə əlaqə yaratmaq üçün unikal istifadəçi adlarından (username) istifadə edə biləcəklər.

Şirkətin məlumatına görə, yeni funksiya növbəti bir neçə ay ərzində mərhələli şəkildə dünyanın müxtəlif ölkələrində tətbiq ediləcək və platformanın 3 milyarddan çox istifadəçisini əhatə edəcək.

Bu həftədən etibarən istifadəçilər tətbiq vasitəsilə öz istifadəçi adlarını rezerv edə bilərlər. Bununla belə, istifadəçi adı yaratmaq məcburi olmayacaq. İstifadəçilər istənilən vaxt istifadəçi adını dəyişdirə və ya tamamilə silə biləcəklər.

Funksiya tam istifadəyə verildikdən sonra WhatsApp istifadəçiləri yalnız istifadəçi adlarını paylaşaraq bir-biri ilə əlaqə saxlaya biləcəklər. Bununla yanaşı, istənməyən mesajların qarşısını almaq üçün bloklama və şikayət etmə imkanları da qüvvədə qalacaq.

İstifadəçi adları maksimum 35 simvoldan ibarət olacaq. Lakin tanınmış dövlət rəsmiləri və məşhur şəxslərin adları digər istifadəçilər tərəfindən istifadə edilə bilməyəcək. Bu səbəbdən, məşhur şəxslərin adları ilə saxta hesabların yaradılmasının qarşısının alınması hədəflənir.

Meta şirkətinə məxsus olan WhatsApp bu yeniliyin əsas məqsədinin istifadəçilərin məxfiliyini artırmaq olduğunu bildirib. Şirkətin məhsul rəhbəri Alis Nyuton-Reks qeyd edib ki, xüsusilə qrup söhbətlərində bir çox istifadəçi telefon nömrəsini paylaşmaq istəmir. Onun sözlərinə görə, yeni funksiya istifadəçilərə tətbiqdə özlərini necə təqdim etmək istədiklərinə daha çox nəzarət imkanı verəcək.

mənbə : BBC