“Bu il Gəncədə və regionda bir neçə yeni təhsil təşəbbüsünün tətbiqinə başlanılıb. Ümumiyyətlə, buraxılış sinifləri ilə bağlı bir neçə istiqamət üzrə iş aparılır. Bunlardan biri peşə təmayüllü siniflərdir. Bundan əlavə, ötən ildən etibarən tam orta təhsil modeli tətbiq edilir və bu il həmin model daha da təkmilləşdirilmiş formada davam etdiriləcək”.
“Aztəhsil.az” xəbər verir ki, Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, əsas məqsəd yuxarı sinif şagirdlərinin keyfiyyətli təhsil almasına və ali təhsil müəssisələrinə hazırlığının gücləndirilməsinə şərait yaratmaqdır: “Məqsədimiz regionların ən güclü müəllimlərini müəyyən məktəblərdə cəmləşdirmək və 10-11-ci sinif şagirdlərinin ali təhsil müəssisələrinə hazırlığını daha keyfiyyətli şəkildə təşkil etməkdir. Bu, ilkin addımlardır. İnanıram ki, gələcəkdə tam orta məktəb modelini daha geniş şəkildə tətbiq edə biləcəyik”.
Emin Əmrullayev əlavə edib ki, model şagirdlərin maraq və qabiliyyətlərinə uyğun təhsil istiqaməti seçməsinə imkan yaradacaq: “Şagirdlər 9-cu sinfə qədər ümumi təhsil aldıqdan sonra maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təhsillərini davam etdirə biləcəklər”.
Nazirin sözlərinə görə, yeni yanaşma ailələrin də gözləntilərinə cavab verir: “Düşünürəm ki, bu model ailələr üçün də müəyyən dəstək olacaq. Çünki həmin siniflərdə yüksək peşəkarlığa malik müəllimlər fəaliyyət göstərəcək. Bununla belə, valideyn övladını əlavə hazırlıq proqramlarına yönləndirmək istəyirsə, burada da ciddi problem görmürəm. Əsas məsələ odur ki, 10–11-ci siniflərdə məktəb ailələrin və şagirdlərin gözləntilərini qarşılasın”.
Emin Əmrullayev qeyd edib ki, model bütün tədris bölmələrini əhatə edəcək: “Tam orta məktəb modeli rus bölmələrini də əhatə edəcək. Azərbaycan təhsil sistemində fəaliyyət göstərən bütün bölmələr bu prosesin tərkib hissəsidir və burada hər hansı fərq qoyulmur”.
Nazir əlavə edib ki, hazırda bu istiqamətdə müxtəlif təşviq mexanizmləri üzərində iş aparılır və konkret qərarlar qəbul edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək: “Hazırda bu istiqamətdə müxtəlif təşviq mexanizmləri üzərində işləyirik. Konkret qərarlar qəbul olunduqdan sonra ictimaiyyətə məlumat veriləcək”.