Bağçalara qəbulda YENİLİK

Bağçalara qəbulda YENİLİK
Bölmə adı Xəbərlər
Yayımlandı 2 İyul 2026, 13:27

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu prosesi bu il ilk dəfə olaraq “myGov” platforması üzərindən həyata keçiriləcək.

Bu barədə "Aztəhsil.az" a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq "Xidmətlər" bölməsindən Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər.

Qeyd edək ki, qəbul sistemi vasitəsilə bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçilə bilər. Yaradılmış növbə boş yer olduğu təqdirdə minimum 5 gündən sonra sorğuya çevriləcək. Sorğu yaradıldıqdan sonra valideyn (və ya qanuni nümayəndə) 7 gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular 2026–2027-ci tədris ili üzrə qəbul prosesində etibarlı hesab olunmur.

Qeyd edək ki, 07 iyul 2026-cı il saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 09 iyul 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.

2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.