Sony 2028-ci ilin yanvar ayından etibarən yeni PlayStation oyunlarının artıq disk formatında satışa çıxarılmayacağını açıqlayıb.
Şirkətin rəsmi bloqunda bildirilib ki, yeni oyunları mağazalardan almaq hələ də mümkün olacaq. Lakin qutunun içərisində fiziki disk əvəzinə oyunu yükləmək üçün rəqəmsal kod yerləşdiriləcək.
Bu qərar Rockstar Games-in bir neçə gün əvvəl böyük maraqla gözlənilən Grand Theft Auto VI oyununun da fiziki disksiz satışa çıxarılacağını açıqlamasından sonra verilib.
Bu addım son illərdə getdikcə daha çox rəqəmsal yayım modelinə keçən oyun sənayesi üçün mühüm dönüş nöqtəsi hesab olunur.
Sony bildirib ki, bu qərarın səbəbi istehlakçı seçimlərinin və ümumilikdə əyləncə sənayesinin fiziki disklərdən rəqəmsal məzmuna doğru dəyişməsidir.
Şirkət qeyd edib ki, rəqəmsal media artıq fiziki diskləri xeyli üstələdiyi üçün Sony Interactive Entertainment də istehlakçıların dəyişən tələblərinə uyğunlaşır.
Lakin qərar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Oyun jurnalisti Vikki Bleyk bunu "istehlakçı hüquqlarına ciddi zərbə" adlandırıb. Onun sözlərinə görə, bu qərar həm oyunların gələcək nəsillər üçün qorunub saxlanılması, həm də oyunları alıb-satmaq və ya dostlardan götürərək oynamaq imkanından istifadə edən, maddi imkanı məhdud oyunçular üçün böyük problem yaradacaq.
Bleyk xatırladıb ki, bir neçə il əvvəl Sony rəqibi Xbox-a istehza edərək PlayStation 4 oyunlarının dostlarla paylaşılmasının nə qədər asan olduğunu göstərən reklam yayımlamışdı.
The Game Business nəşrinin baş redaktoru Kristofer Drinq isə bildirib ki, rəqəmsal yükləmələr hazırda PlayStation oyunlarının əsas satış forması olsa da, hər il milyonlarla fiziki disk satılır.
Onun sözlərinə görə, hələ də çox sayda oyunçu disk formatına üstünlük verir və bu qərar pərakəndə satış sektoru üçün ciddi zərbə olacaq.
ABŞ-ın Delaver ştatında fəaliyyət göstərən müstəqil oyun mağazası Lootbox Gaming də qərarı tənqid edib. Şirkət bildirib ki, bu addım təkcə oyunçulara və kolleksiyaçılara deyil, həm də oyun hazırlayan şirkətlərə, nəşriyyatlara, distribütorlara və pərakəndə satıcılara mənfi təsir göstərəcək.
Şirkətin sözçüsü qeyd edib ki, bu qərar insanların aldıqları məhsula sahib olmaq hüququna qarşı atılmış addımdır.
Sony vurğulayıb ki, dəyişiklik yalnız 2028-ci ilin yanvarından sonra təqdim ediləcək yeni oyunlara şamil olunacaq. Həmin tarixdən əvvəl satışa çıxarılan oyunlar üçün isə heç bir dəyişiklik olmayacaq.
Şirkət son vaxtlar PlayStation Store-dan alınmış 500-dən çox film və serialı istifadəçilərin hesablarından kompensasiya ödəmədən silməsi ilə də tənqid olunub. Sony bunun StudioCanal ilə lisenziya müqaviləsinin başa çatması ilə əlaqədar olduğunu və həmin məzmunun 1 sentyabr tarixindən etibarən istifadəçilərin kitabxanasından silinəcəyini bildirib.
Bundan əvvəl də bir çox oyunçu Grand Theft Auto VI oyununun disksiz satışa çıxarılacağı xəbəri ilə bağlı narahatlığını ifadə etmişdi. Onlar bildirirdilər ki, bu halda oyunu dostlarına vermək və ya sonradan satmaq mümkün olmayacaq.
BBC yeni qərardan sonra Sony-yə gələcəkdə rəqəmsal oyunların sahiblik hüququnun başqa istifadəçiyə ötürülməsinin mümkün olub-olmayacağı ilə bağlı sorğu göndərib. Şirkət isə hələlik bu suala cavab verməyib.