ABŞ administrasiyası xarici tələbələr üçün yeni viza qaydalarını təsdiqləyib. Yeni tələblərə əsasən, xarici tələbələr federal hökumətin xüsusi icazəsi olmadan ölkədə dörd ildən artıq qala bilməyəcəklər.
"Aztəhsil.az" xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin açıqladığı qaydalar sentyabr ayından qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, xarici tələbələrin təhsil proqramını dəyişməsi və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi də məhdudlaşdırılacaq. İndiyədək təhsil müddətinin uzadılması ilə bağlı qərar vermək səlahiyyəti universitet və kolleclərə məxsus idi.
Bundan əvvəl F-1 tələbə vizası və J-1 mübadilə proqramı vizası ilə ABŞ-yə gələn xarici vətəndaşlar təhsillərini başa çatdırana qədər ölkədə qala bilirdilər. Yeni qaydalar isə onların ABŞ-də qalma müddətini məhdudlaşdırır.
ABŞ daxili təhlükəsizlik naziri Markveyn Mallin bildirib ki, dəyişikliklərin məqsədi viza sistemindən sui-istifadənin qarşısını almaq və milli təhlükəsizliyi gücləndirməkdir. Onun sözlərinə görə, bəzi şəxslər uzun illər müxtəlif təhsil proqramlarına yazılaraq ölkəni tərk etmək öhdəliyindən yayınırdılar.
Yeni qaydalara əsasən, xarici tələbələr məzun olduqdan sonra ölkəni tərk etmək və ya başqa viza növünə keçmək üçün əvvəlki 60 gün əvəzinə cəmi 30 gün vaxt əldə edəcəklər.
Bununla yanaşı, yeni tələblərin doktorantura və elmi-tədqiqat proqramlarında təhsil alan tələbələrə daha çox təsir göstərəcəyi bildirilir. Belə ki, bu proqramlar adətən dörd ildən artıq davam edir və elmi araşdırmaların maliyyələşdirilməsi və digər səbəblər təhsil müddətinin uzanmasına gətirib çıxara bilir.
Qeyd edək ki, yeni viza qaydaları ABŞ administrasiyasının ölkədə xarici tələbələrin sayını azaltmaq və immiqrasiya siyasətini sərtləşdirmək istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi hesab olunur.