MDU və Marmara Universiteti ortaq elmi-tədqiqat və tədris laboratoriyaları yaradacaq

MDU və Marmara Universiteti ortaq elmi-tədqiqat və tədris laboratoriyaları yaradacaq
Bölmə adı Xəbərlər
Yayımlandı 17 İyul 2026, 12:12

16 iyul tarixində Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Marmara Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Aztəhsil.az" a universitetdən məlumat verilib. 

Belə ki,bu münasibətlə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Marmara Universitetində səfərdə olub. Nümayəndə heyətini Marmara Universitetinin rektoru Prof. Dr. Mehmet Emin Okur qəbul edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın daha sistemli və nəticəyönümlü əsaslarla inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər universitetlərarası tərəfdaşlığın tələbə və müəllim mobilliyi, birgə tədqiqatlar, tədris proqramlarının keyfiyyətinin artırılması və akademik idarəetmə təcrübələrinin mübadiləsi baxımından geniş imkanlar yaratdığını qeyd ediblər.

İmzalanan memorandum Mingəçevir Dövlət Universitetinin beynəlxalqlaşma, tədris keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat potensialının gücləndirilməsi və tələbəyönümlü akademik mühitin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

Sənədə əsasən, tərəflər arasında tələbə, müəllim və əməkdaş mübadiləsinin təşviqi, birgə elmi layihələrin hazırlanması, akademik proqramlar üzrə təcrübə mübadiləsi, yay və qış məktəblərinin təşkili, doktorantlar və gənc tədqiqatçılar üçün elmi staj imkanlarının yaradılması nəzərdə tutulur.

Əməkdaşlığın daha səmərəli və ölçüləbilən nəticələr əsasında inkişaf etdirilməsi məqsədilə Mingəçevir Dövlət Universiteti və Marmara Universiteti arasında Birgə Koordinasiya Komitəsinin yaradılması barədə razılıq əldə olunub. Komitə birgə layihələrin hazırlanması və icrasını, akademik mobillik proqramlarının əlaqələndirilməsini, ortaq elmi-tədqiqat və tədris laboratoriyalarının yaradılması imkanlarını, konfrans və seminarların təşkilini, həmçinin ikili diplom proqramları üzrə ilkin qiymətləndirmə proseslərini koordinasiya edəcək.

İlkin mərhələdə MDU-nun “Beynəlxalq ticarət və logistika” və “Maliyyə” ixtisaslarında təhsil alan tələbələri üçün Marmara Universitetində akademik mübadilə imkanlarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu istiqamət tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyası, ixtisas biliklərinin praktik və müqayisəli yanaşmalarla zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə kompüter mühəndisliyi, biznesin idarə edilməsi, iqtisadiyyat və təhsil sahələri üzrə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramlarının yaradılması imkanları da müzakirə olunub. Bu məqsədlə təhsil proqramlarının və kurikulumların müqayisəli təhlili, kreditlərin qarşılıqlı tanınması, təlim nəticələrinin uyğunlaşdırılması və akademik keyfiyyət təminatı mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur.

Tərəflər süni intellekt, kibertəhlükəsizlik, data analitikası, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və davamlı inkişaf istiqamətlərində birgə elmi-tədqiqat layihələrinin hazırlanması barədə də fikir mübadiləsi aparıblar. Bu sahələr üzrə ortaq elmi məqalələrin, monoqrafiyaların, metodik nəşrlərin hazırlanması, eləcə də beynəlxalq proqram və fondlara birgə layihə müraciətlərinin təqdim olunması əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.

Memorandum çərçivəsində ortaq elmi-tədqiqat və tədris laboratoriyalarının yaradılması, mövcud laboratoriya infrastrukturundan birgə istifadə, rəqəmsal təhsil resurslarının hazırlanması, virtual laboratoriyalar, onlayn kurslar və innovativ qiymətləndirmə mexanizmləri üzrə təcrübə mübadiləsi də nəzərdə tutulur.

Əməkdaşlıq yalnız akademik və elmi istiqamətlərlə məhdudlaşmır. Tərəflər tələbə və gənc tədqiqatçıların innovativ ideyalarının dəstəklənməsi məqsədilə startap akselerasiya proqramları, hackathonlar, innovasiya müsabiqələri və mentorluq proqramlarının təşkili imkanlarını da müzakirə ediblər. Universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, elmi nəticələrin real sektora transferi və tələbələrin sahibkarlıq bacarıqlarının inkişafı əsas prioritetlər sırasında göstərilib.

Sənəddə Azərbaycan və Türkiyə arasında mədəni-akademik əlaqələrin inkişafına da xüsusi yer ayrılıb. Bu çərçivədə mədəniyyət həftələrinin təşkili, akademik türk dili və Azərbaycan dili üzrə sertifikat proqramlarının hazırlanması, tələbə və müəllimlər arasında mədəni dialoqun genişləndirilməsi, həmçinin Türk dünyasının ortaq tarixi, dili, ədəbiyyatı və mədəni irsinin öyrənilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Görüşün sonunda Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Marmara Universitetinin rektoru Prof. Dr. Mehmet Emin Okur tərəfindən imzalanan Anlaşma Memorandumu iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını müəyyənləşdirib.

Üç il müddətində qüvvədə olacaq memorandum Mingəçevir Dövlət Universitetinin beynəlxalq akademik tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, tədris və tədqiqat keyfiyyətinin yüksəldilməsi, tələbə və əməkdaşlar üçün yeni akademik imkanların yaradılması baxımından mühüm addım kimi qiymətləndirilir.