Evdə Təhsil Resurs Mərkəzi istifadəyə verilib

Evdə Təhsil Resurs Mərkəzi istifadəyə verilib
Bölmə adı Xəbərlər
Yayımlandı 8 İyul 2026, 13:34

 

"Birgə və Sağlam" İctimai Birliyi tərəfindən həyata keçirilən "Evdə Təhsilə Cəlb Olunan Xüsusi Qayğıya Ehtiyacı Olan Şagirdlərin və Onların Ailələrinin Dəstəklənməsi" layihəsi çərçivəsində Evdə Təhsil Resurs Mərkəzi hazırlanaraq Autizm Portalı üzərindən istifadəyə verilib.

"Aztəhsil.az" xəbər veerir ki, layihə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.

Resurs Mərkəzində evdə təhsil prosesini dəstəkləyən metodik materiallar həm video, həm də PDF formatında təqdim olunur. Hazırlanmış resurslar ailələrin, müəllimlərin və bu sahədə çalışan mütəxəssislərin gündəlik fəaliyyətində istifadə edə biləcəyi praktik mövzuları əhatə edir.

Portalın bu bölməsində aşağıdakı mövzular üzrə video və yazılı materiallar təqdim olunur:

* Motivasiya sistemləri nədir?
* Davranış kontraktları
* Touch Math – Xüsusi riyazi hesablama üsulu
* Fəaliyyət cədvəlləri və onlardan istifadə
* Fürsət tədris metodu, prinsipləri və mərhələləri.

Video və yazılı materialların birlikdə təqdim olunması istifadəçilərin mövzuları daha asan mənimsəməsinə və evdə təhsil prosesində praktik şəkildə tətbiq etməsinə imkan yaradır.

Qeyd edək ki, Autizm Portalının əsas məqsədi autizm sahəsində fəaliyyət göstərən mütəxəssislərə və autizmli övlada sahib valideynlərə dəstək olmaq, onların müasir biliklərə əlçatanlığını təmin etməkdir. Portal eyni zamanda başda autizmli olmaqla, Daun sindromlu və ümumi inkişaf geriliyi diaqnozu qoyulan uşaqlara sahib ailələrə övladlarının əsasən dil və öyrənmə bacarıqlarını ev şəraitində inkişaf etdirmək imkanı təqdim edir.

Portal ailələr üçün mürəkkəb təlim sisteminin sadələşdirilmiş formasını təqdim edir. Bununla yanaşı, övladı yeni autizm diaqnozu almış və ya danışıqla bağlı müəyyən çətinlikləri olan fərdlərin ailələri üçün faydalı məlumatlar təqdim olunur. Praktik və istifadəsi asan olan Autizm Portalında yer alan materiallar bu sahədə Azərbaycan dilində məhdud olan resursların rəqəmsal formada daha rahat əldə edilməsinə imkan yaradır.

Portalın "Autizm haqqında" bölməsində "Autizm nədir?" sualına cavab verilməklə yanaşı, müxtəlif video materiallar və yazılı məlumatlar vasitəsilə istifadəçilərə ətraflı məlumat təqdim edilir. Təlim proqramları bölməsində yerləşdirilən materiallar autizmli uşaqlara müxtəlif bacarıqların daha praktik şəkildə öyrədilməsinə dəstək olur. On müxtəlif proqramdan ibarət olan bu materialların əsas üstünlüyü video və yazılı məlumatların eyni zamanda təqdim edilməsidir.