Avropa Komissiyası "Facebook" və "Instagram" platformalarının istifadəçilərin, xüsusilə də uşaq və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərə biləcək funksiyalarla bağlı ilkin araşdırmasının nəticələrini açıqlayıb.
"Aztəhsil.az" xəbər verir ki, komissiya "Meta" şirkətinin platformalarında tətbiq olunan videoların avtomatik başladılması, məzmunun fasiləsiz aşağı sürüşdürülməsi, davamlı bildirişlər və istifadəçiyə uyğunlaşdırılmış məzmun tövsiyələrinin insanların platformalardan həddindən artıq istifadə etməsinə şərait yaratdığı qənaətinə gəlib.
Araşdırmada qeyd olunur ki, bu funksiyalar istifadəçiləri uzun müddət platformada saxlayaraq onları "avtomatik davranış rejiminə" yönəldir, nəticədə sağlam olmayan vərdişlər və asılılıq yaradan istifadə davranışı formalaşa bilir.
Komissiya həmçinin müəyyən edib ki, "Meta" yeniyetmələrin gecə saatlarında "Facebook" və "Instagram"da keçirdiyi vaxt, eləcə də qısa videolar və 24 saatdan sonra silinən paylaşımlar kimi funksiyaların həddindən artıq istifadəyə səbəb olması ilə bağlı mövcud məlumatları kifayət qədər nəzərə almayıb.
İlkin qiymətləndirməyə əsasən, bu yanaşma Rəqəmsal Xidmətlər Aktının tələblərinə uyğun deyil. Komissiya "Meta"dan videoların avtomatik başladılması və məzmunun fasiləsiz sürüşdürülməsi funksiyalarını standart rejimdən çıxarmağı, istifadəçilərə ekran qarşısında fasilə vermə xatırlatmaları təqdim etməyi və məzmun tövsiyə alqoritmlərində dəyişiklik etməyi tələb edir.
Meta isə ilkin nəticələrlə razılaşmadığını bildirib. Şirkətin açıqlamasında qeyd olunub ki, yeniyetmələrin təhlükəsizliyini artırmaq üçün tətbiq edilən xüsusi yeniyetmə hesabları vasitəsilə valideynlər gecə saatlarında platformaya girişi məhdudlaşdıra və gündəlik istifadə müddətinə nəzarət edə bilirlər.
Qeyd edək ki, araşdırma 2024-cü ilin mayında başlanıb. İlkin nəticələr yekun qərarla təsdiqlənərsə, "Meta" şirkəti illik qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə oluna bilər.