“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri müəyyən olunub.
"Aztəhsil.az" xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, namizədlər müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq, Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıblar. Belə ki, 2026–2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi dünyanın ən nüfuzlu universitetləri daxildir.
Təqaüdçülərin tam siyahısı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.