Yeniyetmələrimiz Tacikistandakı beynəlxalq forumda QƏLƏBƏ qazanıblar

Yeniyetmələrimiz Tacikistandakı beynəlxalq forumda QƏLƏBƏ qazanıblar
Bölmə adı Xəbərlər
Yayımlandı 30 İyun 2026, 16:10

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvləri Tacikistanda Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin yeniyetmələri arasında keçirilən "Birlik uşaqları" adlı XI Beynəlxalq Mədəniyyət və Təhsil Forumunda iştirak ediblər.

"Aztəhsil.az" xəbər verir ki, forumda ölkəmizi mərkəzin “Milli rəqs”, “Dekorativ tətbiqi sənət” və “Modelyer dizayner” dərnəklərinin 14-17 yaşlı üzvləri təmsil ediblər.

Forumda Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakçılara videomüraciəti yayımlanıb. O, forumun gənc nəsillər arasında dostluq, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində mühüm rolunu vurğulayıb. Sədr həmçinin Azərbaycanda gənclərin hərtərəfli inkişafına və milli dəyərlər ruhunda tərbiyə olunmasına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edərək forum iştirakçılarına uğurlar arzulayıb.

Forumun Azərbaycan Respublikası Günündə nümayəndə heyəti tərəfindən təşkil olunan ustad dərsləri, sərgi, rəngarəng təqdimatlar və xüsusi konsert proqramı xarici qonaqlar tərəfindən maraqla qarşılanıb.

Həmçinin forum müddətində nümayəndə heyəti Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Türkmənistan və Özbəkistanın mədəniyyət günlərində iştirak edib, Tacikistanın tarixi və mədəniyyət abidələri ilə tanış olub, həmçinin Tacikistan Respublikası Parlamentini ziyarət ediblər.

Forum çərçivəsində 5 nömrəli UGİM-in dərnək üzvləri MDB dövlətləri arasında keçirilən “Dostluq körpüsü” intellektual oyununda, robototexnika və proqramlaşdırma üzrə ustad dərsində, şahmat və dama idman növləri üzrə yarışlarda I, voleybol idman növü üzrə yarışda isə II yeri tutublar.

Dərnək üzvləri “Tacikistan sənətkarlıq bazarı” intellektual oyununda və “Tacikistan bizim gözümüzlə” divar qəzetinin hazırlanmasında fəal iştirak ediblər.

Forumun bağlanış mərasimində iştirakçılar qazandıqları uğurlara və fəal iştiraka görə diplom və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, forumda 5 nömrəli UGİM-in direktoru Elza Orucova və dərnək rəhbəri Natella Həsənova da iştirak ediblər.