Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək”, “Parla”, “Zərif mühəndislər”, “Maya Hacıyeva adına İKT bacarıqları” və “Qırmızı ürəklər” təqaüd proqramları üzrə ümumilikdə 489 iştirakçıya dəstək göstərilib.
"Aztəhsil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Nicat Məmmədli “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” layihəsi çərçivəsində keçirilən “II Məzun günü – 2026” tədbirində söyləyib. O qeyd edib ki, “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” proqramı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən, aztəminatlı ailələrdən və həssas qruplardan olan tələbə qızların təhsilinə dəstək məqsədilə həyata keçirilir. Proqram çərçivəsində 2022–2023-cü tədris ilində 25, 2023–2024-cü tədris ilində 81, 2024–2025-ci tədris ilində 145, 2025–2026-cı tədris ilində isə 239 nəfər proqrama cəlb olunub.
İdarə Heyətinin sədri daha sonra “Parla” təqaüd və inkişaf proqramının nəticələrindən bəhs edərək bildirib ki, NEQSOL Holding və Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən proqram üzrə 2635 müraciət qəbul olunub, 150 nəfər iştirakçı seçilib, onların arasında 5 nəfər şəhid yoldaşı yer alıb. Proqramı bu günədək 82 nəfər uğurla başa vurub. İştirakçılara təhsil müddətində aylıq 200 manat təqaüd, mentorluq, təlim və təcrübə imkanları, ödənişsiz ingilis dili kursları, IELTS hazırlığı, eləcə də “NEQSOL Academy” və “LinkedIn Learning” platformaları vasitəsilə beynəlxalq təhsil resurslarına çıxış imkanı yaradılır.
Nicat Məmmədli “Zərif mühəndislər” təqaüd proqramının da mühəndislik sahəsində təhsil alan və yüksək akademik göstəricilərə malik qızların inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, proqram üzrə 573 müraciət daxil olub, 50 nəfər iştirakçı seçilib. İştirakçılar aylıq 200 manat təqaüdlə yanaşı, müxtəlif təcrübə və təlim proqramlarından faydalanırlar.
Fondun İdarə Heyətinin sədri, həmçinin “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı haqqında məlumat verərək bildirib ki, proqram qadınların informasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlib. Proqram çərçivəsində UI/UX Design, Cybersecurity, Mobile App Development, BI Developer, QA Tester və Digital Marketing istiqamətləri üzrə təlimlər keçirilir. Bu proqram üzrə 482 müraciət daxil olub və 30 iştirakçı seçilib.
N.Məmmədli “Qırmızı ürəklər” təhsil təqaüd proqramının nəticələrinə də toxunaraq qeyd edib ki, 2024–2026-cı illəri əhatə edən proqram üzrə 1301 müraciət qəbul olunub, 20 iştirakçı seçilib. Proqram 600-dən yuxarı bal toplamış, ali təhsil müəssisələrinin I kursunda təhsil alan və aztəminatlı ailələrdən olan tələbələr üçün nəzərdə tutulub. Ümumilikdə 43 nəfər üçün təqaüd təsis edilib ki, onların da 20-si qızdır. Proqram iştirakçıları aylıq 200 manat məbləğində təqaüd əldə edirlər.