Sertifikatlaşdırma niyə ən çox İŞBAZLARI narahat edir?

Sertifikatlaşdırma niyə ən çox İŞBAZLARI narahat edir?
Bölmə adı Xəbərlər
Yayımlandı 8 İyul 2026, 14:18

Sertifikatlaşdırılma prosesinin ilk dövrəsi nəhayət bitdi. Bu bizim üçün həm unutduğumuz mövzuları yenidən xatırlamaq, həm də özümüzü inkişaf etdirmək üçün bir fürsət oldu. Bildiyim qədərilə bütün fənnlər üzrə həmkarlarımız artıq prosesə cəlb olunublar. Bu il ilk dəfə prosesdə iştirak edib uğur qazanan fiziki tərbiyə, musiqi, tarix, texnologiya, təsviri incəsənət müəllimlərini də bir həmkar olaraq təbrik edirəm.

İlk cəhddə uğursuz olanlar isə narahat olmasınlar, çünki qarşıda hələ bir il də var və məncə, bu müddət öz üzərində əzmlə çalışıb uğur qazanmaq istəyənlər üçün kifayətdir. Həmçinin apellyasiyaya müraciət etmək hüquqları da var. Müraciət etməkdən çəkinməsinlər və inanıram ki, haqlı olduqları məqamlarda ədalətli qərar qəbul ediləcək.

Amma illərini millətin gələcəyini yetişdirməyə həsr etmiş bir müəllim olaraq məni ən çox narahat edən məsələ test imtahanı mərhələsi bitər-bitməz bir qrup şəxsin proses əleyhinə kampaniya aparıb digər müəllimlərin də nüfuzunu zədələməsidir. Mən də vaxtilə prosesdə iştirak edib yüksək nəticə toplamışam. Belə çıxır ki, mən və mənim kimi minlərlə müəllim haqsız şəkildə sertifikatlaşdırmadan keçib?! 

Maraqlısı odur ki, kampaniyanın önündə gedənlər də sertifikatlaşdırmada iştirak etmiş müəllimlər yox, bir qrup şəxsi imtahandan uğurla keçəcəkləri vədi ilə aldadaraq pullarını mənimsəmiş işbazlardır. Müəllim qalıb kənarda, bu bir qrup işbaz guya onların mənafelərini müdafiə edirmiş kimi “dəridən-qabıqdan çıxır”. Əslində, onları maraqlandıran biz ya da təhsilimizin keyfiyyəti deyil, qurduqları işbazlıq yuvalarının aqibətidir. Halbuki onlara inanıb pul verənlər, bəlkə də, özləri müstəqil hazırlaşsaydılar, daha yüksək nəticə göstərərdilər. 

Bəzi həmkarlarımızın sertifikatlaşdırma kimi sadə bir imtahan üçün bu işbazların yanına hazırlığa getmələri təəssüf doğurur.

Qiymətləndirmə çərçivəsi öncədən açıqlanıb, ədəbiyyat siyahısı verilib və fənnimizi də bizdən yaxşı kim bilə bilər?! Bu imtahanı vermək o qədər çətindirmi ki, hələ başqasından mədət umaq?

Bu gün repetitorluğun bu qədər tüğyan etdiyi bir vaxtda biz də kiminsə yanına hazırlığa getsək, şagirdlərimizə nə deyək?! 

Şəxsən mən bir müəllim olaraq sertifikatlaşdırmadan keçmək üçün öz fənnimdən kiminsə yanına, hansısa işbazın kursuna hazırlığa getsəm, şagirdimin qabağına çıxmağı özümə ar bilərəm. O işbazlar da utansınlar ki, müəllim məvacibinə göz dikib yalan vədlər verirlər.

İllərlə məktəbdə dərs deyən bir şəxs əgər 50-si birbaşa tədris etdiyi fənnə, cəmi 10-u metodika və pedaqogikaya aid sualların yarısını belə düzgün cavablandıra bilmirsə, deməli, onun şagird qabağına çıxmağa haqqı yoxdur.

Sertifikatlaşdırma adi imtahan deyil, bu həm də müəllimlik missiyasını yerinə yetirənlərin layiqlik sınağıdır. Bu gün təqaüdə çıxmağına 1 il qalan müəllim həmkarımızın könüllü qatılıb 59 bal topladığını görüb sevinirəm. Həmkarım olan o müəllimlə qürur duyuram. Necə olur ki, o, uğurlu olur, başqası isə narazılıq edir? Deməli, hansısa məqamlarda yanlışlığa yol verib. Bu da normaldır. Hansısa sualın şərtini düz başa düşməmək olar, həyəcan, tələskənlik kimi faktorlar da buna təsir edər. Amma narazılıq edib digər müəllim həmkarlarımızın nəticələrini şübhə altına almaq nə üçündür? Axı suallar eynidir. Görünür, bəzilərinin cavabları həmin o işbazların “öyrətdiyi” kimi olmayıb...


Gülsüm Səmədova
Müəllim