Bakı Mühəndislik Universitetinin (BMU) biologiya (hazırda biotexnologiya) sahəsi üzrə 2024-cü il məzunu Əsli Əlizadə Almaniyanın üç aparıcı universitetinin magistratura proqramlarına qəbul olunmaqla növbəti akademik uğura imza atıb.
Bildirilib ki, məzun Reynland-Pfalts Texniki Universiteti (Kayzerslautern - Landau), Kil Universiteti və Reyn Fridrix Vilhelm Bonn Universitetində ətraf mühit elmləri, ətraf mühitin çirklənməsinin idarə olunması - ekotoksikologiya, aqrar genomika və bitki elmləri istiqamətləri üzrə təhsil almaq imkanı qazanıb.
Əsli Əlizadə təhsilini Reyn Fridrix Vilhelm Bonn Universitetində aqrar genomika üzrə magistr proqramında davam etdirməyi qərara alıb. Bonn Universiteti Almaniyanın aparıcı tədqiqat universitetlərindən biri olmaqla, ölkənin "Universities of Excellence" (Mükəmməllik universitetləri) proqramına daxildir və beynəlxalq səviyyədə yüksək akademik nüfuza malikdir.
BMU məzunu sözügedən universitetlərə qəbul hüququnu bakalavriat təhsili müddətində əldə etdiyi 92,07 orta müvəffəqiyyət göstəricisi, müxtəlif layihələrdə fəal iştirakı, ixtisası üzrə uğurla keçdiyi təcrübə proqramları, COP29-da könüllü fəaliyyəti, eləcə də “Buğda-Aegilops hibrid populyasiyalarının qabaqcıl nəsillərindən məhsuldar formaların seçilməsi və onların sitogenetik tədqiqi” mövzusunda hazırladığı elmi məqaləsi ilə formalaşdırdığı güclü akademik portfel əsasında qazanıb.
Əsli Əlizadə magistratura təhsilini başa vurduqdan sonra PhD təhsili almağı da planlaşdırır. O, xüsusilə bitki elmləri, davamlı kənd təsərrüfatı və iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri istiqamətlərində ixtisaslaşmağı, gələcəkdə isə həm elmi-tədqiqat, həm də akademik fəaliyyətlə məşğul olmağı hədəfləyir.