“İnkişaf etmiş ölkələrdə məktəb məzunlarının təxminən 45-60 faizi məhz peşə təhsili müəssisələrinə üz tutur. Çünki peşə təhsili yalnız peşə öyrətmir, həm də gənclərə perspektivli gələcək vəd edir. Hamınız razılaşarsınız ki, peşə təhsili həm də çox vacib sosial lift rolunu oynayır”.
"Aztəhsil.az" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Qida emalı texnologiyaları tədris-istehsalat emalatxanasının açılışında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən peşə təhsili müəssisələrini yalnız orta məktəbi bitirmiş gənclər deyil, karyerasını müəyyən mərhələdə dəyişdirmək istəyən, yeni peşələr öyrənmək istəyənlər də seçirlər. Bu isə çox sevindirici haldır:
“Azərbaycanda peşə təhsili müəssisəsində təhsil alan ən gənc tələbənin 13, ən yaşlı tələbənin 79 yaşı olub. Ötən ay nazir Emin Əmrullayevlə Naxçıvanda tədbirdə idik və orada Ordubad Peşə Təhsil Mərkəzinin 79 yaşlı tələbəsi Həcər nənə ilə tanış olmaq şansımız oldu. 12 nəticəsi, 13 nəvəsi olan Həcər nənə enerji dolu bir anamız, vətəndaşımızdır və xalçaçılıq üzrə həmin mərkəzdə təhsil alır. Bu göstərir ki, peşə təhsili üçün yaş məhdudiyyət deyil və vətəndaşlarımızı peşə təhsilinin imkanlarından faydalanmağa çağırıram”.