Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik ixtisasları üzrə təhsil alan 42 tələbəsi türkiyəli mütəxəssislərin iştirakı ilə təşkil edilən onlayn təlim proqramına cəlb olunub.
Aztəhsil.az xəbər verir ki, təlim mərkəzlə Teknopark İstanbul Peşə və Texniki Anadolu Liseyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilən “Siber köprü” layihəsi əsasında reallaşıb.
Layihə çərçivəsində 8 həftə davam edəcək proqramın sonunda iştirakçılar "Cisco"nun təqdim etdiyi “CCNA: Introduction to Networks” və “Cybersecurity Essentials” beynəlxalq sertifikatlarını əldə etmək imkanı qazanacaqlar.
Proqram çərçivəsində iştirakçılar şəbəkə texnologiyaları, sistemlərin qurulması və kibertəhlükəsizlik sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edəcək, real iş mühitinə uyğun bacarıqlarını inkişaf etdirəcəklər. Eyni zamanda tələbələr hazırladıqları startap ideyalarının kommersiyalaşdırılması istiqamətində sahibkarlıq təlimlərinə qatılacaqlar.