Astara sakini gənc tədqiqatçı Hökumətlərarası Təqaüd Proqramı ilə Türkiyədə doktorantura təhsili alır.
Aztehsil.az xəbər verir ki, 24 yaşında gənc tədqiqatçı Peyman Əliyev Astara rayonunun Siyaku inzibati ərazi dairəsinə daxil olan Bio dağ kəndində anadan olmuş və burada böyümüşdür. Uşaqlıq illərini zəngin təbiətə və meşə ekosistemlərinə malik bölgədə keçirməsi onda təbiətə, xüsusilə də meşələrə böyük maraq və sevgi formalaşdırmışdır. Gənc yaşlarından meşələrin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyət göstərməyi qarşısına məqsəd qoymuşdur.
2019-cu ildə Lənkəran Dövlət Universitetinin Aqrar Mühəndislik fakültəsinin Meşəçilik ixtisasına qəbul olmuş, 2023-cü ildə bakalavr təhsilini yüksək nəticələrlə başa vurmuşdur. Həmin ildə magistratura səviyyəsində Meşə quruluşu ixtisası üzrə təhsilini davam etdirmiş və 2025-ci ildə “Lənkəran meşələrində bitki örtüyünün yayılma qanunauyğunluqlarının tədqiqi” mövzusunda elmi araşdırmasını uğurla tamamlamışdır. Və qırmızı diplomla bitirmişdir. 2025-ci ildə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Universiteti-Cerrahpaşa Meşə Fakültəsinin Meşə mühəndisi üzrə doktorantura proqramına qəbul olunmuşdur.
Hazırda təhsilini yüksək akademik göstəricilərlə davam etdirir və bütün semestrləri 4.00/4.00 ortalama ilə başa vurmuşdur. Elmi fəaliyyətinin əsas istiqamətlərini meşə ekologiyası, uzaqdan zondlama, Coğrafi İnformasiya Sistemləri (CİS), peyk təsvirlərinin emalı və meşə ehtiyatlarının monitorinqi təşkil edir. Müxtəlif elmi konfrans və jurnallarda dərc olunmuş məqalə lahiyə və tezislərin müəllifidir.
Gələcək elmi fəaliyyətində əsas məqsədi peyk təsvirləri və CİS texnologiyalarından istifadə etməklə Astara meşələrində bitki örtüyünün yayılma qanunauyğunluqlarını daha dərindən araşdırmaq, meşə ekosistemlərinin mühafizəsi və davamlı idarə olunması sahəsində elmi töhfələr verməkdir.