Bazarda yumurta sataraq qızlarını oxutdu, hər üçü də həkim oldu

Bazarda yumurta sataraq qızlarını oxutdu, hər üçü də həkim oldu
Bölmə adı Xəbərlər
Yayımlandı 19 İyul 2026, 21:38

 

Aztehsil.az xəbər verir ki, atalarının bazarda yumurta sataraq təhsil verdiyi üç bacı həkim olub. Bu gün onlar yalnız xəstələrinə deyil, ehtiyacı olan insanlara da yardım əli uzadırlar. Onları tanıyanlar isə bu üç bacını "Qızıl Qızlar" adlandırırlar.

Türkiyənin Aydın şəhərində dövlət qulluqçusu olan valideynlərin övladları kimi dünyaya gələn Niran, Nihal və Aylin Çakır bacıları qısa zaman fərqi ilə tibb fakültəsinə qəbul olublar. Ataları onların təhsilini təmin etmək üçün bazarlarda yumurta satıb. Bu gün isə üç bacı həm xəstələrinin, həm də yardıma ehtiyacı olan insanların köməyinə çatır.

Valideynlərinin "Kim olursunuz olun, əvvəlcə yaxşı insan olun" nəsihətini heç vaxt unutmayan həkim bacılar deyirlər: "Bizə 'Qızıl Qızlar' deyirlər, çünki həyatımızı yaxşılıq etməyə həsr etmişik". Onlar "Qadın, Yaxşılıq və Təhsil Hərəkatı" kimi tanınan Qadın Həkimlər Təhsil və Dəstək Vəqfinin fəaliyyətində də fəal iştirak edirlər.

Dənizli Dövlət Xəstəxanasında çalışan 40 yaşlı Aylin Çakır Güven bildirib: "Ailəmizin istədiyi kimi, yaxşı insan olmağa çalışırıq".

Ödəmiş Rayon Səhiyyə Müdirliyində çalışan, 23 illik həkim təcrübəsinə malik 47 yaşlı Niran Çakır Coşar isə xatırlayır: "İmtahana hazırlaşdığım il üçümüz eyni otaqda qalırdıq. Atam hər gün masamızın üzərinə bir gül qoyardı".

Kiraz Rayon Səhiyyə Müdirliyində çalışan 45 yaşlı Nihal Çolak isə deyib: "Xalatımızı çıxardıqdan sonra adi vətəndaş kimi insanların arasına qarışırıq. Biz sadəcə həkim olmağı deyil, hər şeydən əvvəl insan olmağı seçmişik".