“Qələbəyə gedən yol inamdan başladı” – MRİO-nun medalçıları

“Qələbəyə gedən yol inamdan başladı” – MRİO-nun medalçıları
Bölmə adı Xəbərlər
Yayımlandı 29 İyun 2026, 14:47

Bakıda keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO2026) velosiped idmanı üzrə uğur qazanan Ağdaş məktəbliləri sevinclərini “Aztəhsil.az” ilə bölüşüb, qələbəyə gedən yolun zəhmət, inam və davamlı məşqlərdən keçdiyini bildiriblər.

Olimpiadada Ağdaş rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin şagirdləri yüksək nəticə göstəriblər. Yarışda Samir Kərimov I yerə, Asif İsmayılzadə II yerə, Muhəmməd Kərimli isə III yerə layiq görülüb.

Şagirdlərin məşqçi-müəllimi Qnyaz Musayev bildirib ki, bu nəticə qısa müddətin deyil, davamlı zəhmətin, məqsədyönlü hazırlığın və şagirdlərdə formalaşdırılan qalibiyyət ruhunun bəhrəsidir. Peşəkar sərbəst güləşlə məşğul olmuş Qnyaz müəllim hazırda orta məktəbdə fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərir. O, Bakıda velosiped idmanı üzrə təlim kurslarında iştirak edərək yüksək nəticə əldə edib və daha sonra Ağdaş rayonunda bu idman növünün inkişafı üçün təşəbbüs göstərib.