Bakı Mühəndislik Universitetinin (BMU) tələbə və müəllimlərdən ibarət nümayəndə heyəti Çin Xalq Respublikasının Pekin İnşaat və Memarlıq Universitetində (BUCEA) qısamüddətli akademik mübadilə proqramında iştirak edir.
"Aztəhsil.az" xəbər verir ki, 7-22 iyul 2026-cı il tarixlərini əhatə edən proqram iştirakçıların akademik bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə qazanması və universitetlərarası əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyır.
Səfər çərçivəsində nümayəndə heyəti BUCEA-nın tədris və elmi-tədqiqat infrastrukturu ilə tanış olacaq, beynəlxalq yay məktəbi çərçivəsində ağıllı şəhərlər mövzusunda mühazirə və seminarlarda, eləcə də müxtəlif akademik və mədəni tədbirlərdə iştirak edəcək.
Qeyd edək ki, BMU ilə BUCEA arasında əməkdaşlıq son illərdə uğurla inkişaf edir. Universitetlər arasında imzalanmış anlaşma memorandumu çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə akademik fəaliyyət və elmi əməkdaşlıq istiqamətində müxtəlif layihələr həyata keçirilir. Eyni zamanda, ötən ildən tərəflər arasında magistratura səviyyəsində iki model üzrə ikili diplom proqramı uğurla icra olunur.
Akademik mübadilə proqramı BMU ilə BUCEA-nın mövcud tərəfdaşlığının daha da möhkəmlənməsinə, eləcə də təhsil və elmi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına töhfə verir.