Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən yay düşərgəsi təşkil olunacaq.
"Aztəhsil.az" xəbər verir ki, “Zəfər” yay düşərgəsi çərçivəsində 30 məktəbli şəhid övladı innovasiyalar sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə keçiriləcək təlimlərə cəlb olunacaq. İştirakçılar qrup formatında təşkil ediləcək intellektual oyunlarda bilik və bacarıqlarını nümayiş etdirəcək, həmçinin idman və əyləncə proqramlarında iştirak edəcəklər.
Layihə 21–24 avqust tarixlərində Şamaxı rayonunda yerləşən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində həyata keçiriləcək.
Düşərgə ərzində iştirakçıların komanda işi, liderlik və rəqəmsal bacarıqlarının inkişafına dəstək göstəriləcək, innovasiya sahəsində uğur qazanmış tanınmış şəxslərlə görüşlər təşkil olunacaq.
Layihənin məqsədi məktəbli şəhid övladlarının innovativ düşüncə tərzinin, rəqəmsal bacarıqlarının və liderlik keyfiyyətlərinin inkişafına dəstək olmaq, eyni zamanda onların yay tətilinin səmərəli və faydalı təşkilinə töhfə verməkdir.