“11 illik üzrə buraxılış imtahanında hədəfim 300 baldır” - NEYROCƏRRAH olmaq istəyən Fateh

“11 illik üzrə buraxılış imtahanında hədəfim 300 baldır” - NEYROCƏRRAH olmaq istəyən Fateh
Bölmə adı Uğur hekayələri
Yayımlandı 8 May 2026, 20:11

Mən, 53 nömrəli məktəbin şagirdi Fateh Şəfibəyli, 9-cu sinif buraxılış imtahanında 274 bal toplamışam. 

Gələcəkdə Almaniyada tibb təhsili almaq və neyrocərrah kimi fəaliyyət göstərmək istəyirəm. Uşaqlıqdan tibb sahəsinə, xüsusilə neyrocərrahiyəyə böyük həvəsim olub. Bu sahə ilə bağlı müxtəlif məqalələr oxuyur, YouTube resurslarından araşdırmalar edirdim. Marağıma görə məktəblilər üçün təşkil olunan və tibb sahəsinə aid bir çox təlimlərə də qoşulurdum.

Hazırda isə buraxılış fənləri ilə paralel şəkildə alman dilini də öyrənirəm. Çünki gələcək təhsilimi Almaniyada davam etdirmək istəyirəm.

İmtahana hazırlıq müddətində müəyyən zaman hazırlığa getsəm də, əsas uğurun davamlı şəkildə öz üzərində işləməkdən gəldiyini düşündüm.

Hazırlığa gedirdim, lakin daha çox mütəmadi olaraq sınaqları özüm işləməyin daha böyük rol oynadığını öyrəndim.

Hazırlıq dövründə diqqətimi dərslərə yönəltmək üçün bəzi məhdudiyyətlər də qoymuşdum.

Doqquzuncu sinifdə imtahana hazırlaşarkən Instagram hesabımı silmişdim. Yalnız WhatsApp istifadə edirdim və gün ərzində təxminən 5-6 saat dərslə məşğul olurdum. Bununla yanaşı, məktəb dərslərimi də davam etdirirdim. Məncə, əsas məsələ sosial şəbəkədən tam uzaq olmaq deyil, vaxtı düzgün idarə etməkdir.

Bu hədəfə gedən yolda əsas məsələnin yüksək bal toplamaq olduğunu düşünürəm. Buna görə də 11-ci sinifdə nəticəmi daha da artıraraq 300 bala yaxın nəticə göstərməyi hədəfləyirəm.

Gələcəkdə uğurlu bir həkim olaraq insanlara faydalı olmaq və karyeramı tibb sahəsində davam etdirmək istəyirəm.

Abituriyentə uğurlar arzulayırıq.