Hər il iyulun 11-i dünyada Ümumdünya Əhali Günü kimi qeyd edilir. Bu tarix 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu tərəfindən təsis edilib və ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd olunub.
Aztəhsil.az xəbər verir ki, Ümumdünya Əhali Gününün qeyd edilməsində əsas məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır. Builki Ümumdünya Əhali Günü gender bərabərliyinin potensialını üzə çıxarmağa həsr olunub.
Ümumdünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanılıb. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.