Məktəb rəhbərləri üçün "Mini MBA" layihəsi başa çatıb

Məktəb rəhbərləri üçün "Mini MBA" layihəsi başa çatıb
Bölmə adı Xəbərlər
Yayımlandı 16 İyul 2026, 14:59

Elm və Təhsil Nazirliyinin "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən "Təhsil liderləri üçün mini MBA proqramı" layihəsi keçirilib.

"Aztəhsil.az" xəbər verir ki, proqrama seçim mərhələsini uğurla keçmiş məktəb direktoru və direktor müavinləri cəlb olunub. Layihə müddətində iştirakçılar liderlik, strateji idarəetmə, qərarvermə, insan resurslarının idarə olunması, büdcə planlaması, keyfiyyət təminatı, kommunikasiya bacarıqları və real idarəetmə situasiyalarında effektiv qərarların qəbulu kimi müasir məktəb idarəçiliyinin əsas istiqamətlərini əhatə edən mövzular üzrə təlimlərdə iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılar üçün ustad dərsləri də təşkil edilib. Dövlət və təhsil sahəsinin tanınmış rəhbərləri, ali təhsil müəssisələrinin nümayəndələri və ekspertlərin iştirakı ilə keçirilən bu görüşlərdə təhsil sahəsində aparılan islahatlar, innovativ idarəetmə modelləri, insan kapitalının inkişafı, məktəb liderliyi, psixoloji rifah və müasir idarəetmə təcrübələri müzakirə olunub.
Layihənin yekununda təltifetmə mərasimi keçirilib, proqramı uğurla başa vurmuş məktəb liderlərinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Təhsil liderləri üçün mini MBA proqramı” layihəsinin əsas məqsədi məktəb rəhbərlərinin və təhsil idarəçilərinin peşəkar idarəetmə kompetensiyalarını gücləndirmək, liderlik bacarıqlarını inkişaf etdirmək və təhsil müəssisələrində müasir idarəetmə mədəniyyətinin formalaşmasına töhfə verməkdir.