Təsviri sənət üzrə qabiliyyət imtahanlarının apellyasiya müraciətləri başlayıb

Təsviri sənət üzrə qabiliyyət imtahanlarının apellyasiya müraciətləri başlayıb
Bölmə adı Xəbərlər
Yayımlandı 21 İyul 2026, 16:13

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Təsviri sənət istiqaməti üzrə 15, 1602, 1701 və 210 nömrəli qabiliyyət imtahanı komissiyalarının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbulu başlanıb.

"Aztəhsil.az" xəbər veri ki, 15-ci komissiyanın rəngkarlıq, 1602-ci komissiyanın rəsm, 1701-ci komissiyanın yapma və 210-cu komissiyanın rəsm fənləri üzrə qabiliyyət imtahanlarının nəticələrindən narazı qalan abituriyentlər (subbakalavrlar) iyulun 21-i saat 10:00-dan iyulun 22-si saat 17:00-dək apelyasiya.dim.gov.az internet səhifəsində elektron ərizə doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslər sonradan həmin komissiyalar üzrə apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər.

Apellyasiya komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər imtahan nəticələri, tapşırığın yerinə yetirildiyi rəsm vərəqinin fotosurəti, qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə müraciətin məzmunu ətraflı göstərilməli, həmçinin iddianın qiymətləndirmə meyarlarının hansı bəndinə uyğun olduğu qeyd edilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd edilmədikdə ərizə qəbul olunmur və araşdırılmır. Ərizədə yalnız müvafiq apellyasiya komissiyası və fənn üzrə müraciətin məzmunu əks etdirilməlidir.

DİM tərəfindən iyulun 24-dən etibarən apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil ediləcək və növbəli şəkildə bütün müraciət etmiş abituriyentlərlə (subbakalavrlarla) əlaqə saxlanılacaq.

Apellyasiya prosesinin qaydalara uyğun təşkilinə daxili nəzarətin təmin edilməsi məqsədilə komissiya üzvləri ilə aparılan telefon danışıqlarının səs yazısı qeydə alınır.