"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"

"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Bölmə adı Xəbərlər
Yayımlandı 15 İyun 2026, 18:48

ADPU-nun Riyaziyyat fakültəsində təhsil alan və bu il hesabat verən bir qrup tələbə olaraq fakültədə baş verən bəzi hallarla bağlı narahatlığımızı ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik.

Aztehsil.az xəbər verir ki, tələbələr arasında geniş yayılan iddialara görə, məzun olmaq üçün bəzi tələbələrdən 1500-2000 manat və daha artıq məbləğdə pul tələb olunur. Bizə müxtəlif yollarla bildirilib ki, məzuniyyət prosesində problem yaşamamaq üçün bu ödənişlərin edilməsi vacibdir. Eyni zamanda tələbələrə şikayət etməmələri, baş verənləri ictimailəşdirməmələri barədə xəbərdarlıqlar olunduğu da iddia edilir.

Bundan əlavə, imtahanlarda yüksək nəticə göstərən bəzi tələbələrin də qəsdən kəsildiyi barədə ciddi narazılıqlar mövcuddur. Xüsusilə 40-45 balla imtahana buraxılan tələbələrin uğursuz qiymətləndirilməsi suallar doğurur. Tələbələr hesab edirlər ki, semestr ərzində bu qədər bal toplamış şəxslərin biliyi obyektiv qiymətləndirilməlidir. Bu tələbələrin biliyi olmasa o balı toplaya bilməzdi.

Narazılıq doğuran digər məqam isə bəzi hallarda tələbələrə elə qiymətlərin yazılmasıdır ki, sonradan apellyasiya müraciəti zamanı nəticənin dəyişdirilməsi faktiki olaraq mümkün olmasın. Bu da qiymətləndirmə prosesinin şəffaflığı ilə bağlı suallar yaradır.

Tələbələrin sözlərinə görə, qeyd olunan problemlər xüsusilə 2024-cü ildən sonra daha qabarıq şəkildə hiss olunmağa başlayıb. Əvvəlki illərlə müqayisədə tələbələr arasında narazılıqların artdığı bildirilir.

Həmçinin iddia olunur ki, hər hansı şikayət və ya narazılıq gündəmə gəldikdə, bəzi tələbələrdən fakültə və müəllim heyəti barədə müsbət rəylər yazmaları tapşırılır.

Biz aidiyyəti qurumları səsləndirilən iddiaları araşdırmağa, məzuniyyət və qiymətləndirmə prosesində şəffaflığın təmin olunmasına, tələbələrin hüquqlarının qorunmasına çağırırıq.