Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı paylaşım edib.
"Aztəhsil.az" yazını təqdim edir:
"Bakalavr ixtisasına uyğun magistratura səviyyəsində seçilə biləcək ixtisaslaşmaların sayı müxtəlif olur.
Məsələn, “Kompüter elmləri” ixtisasını bitirən bakalavr üçün seçim imkanları kifayət qədər genişdir. O, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, data elmləri, kompüter elmləri, mexatronika və robototexnika, eləcə də hesablama fizikası ilə əlaqəli istiqamətlərə müraciət edə bilər.
Bu istiqamətlərin daxilində isə süni intellekt, maşın öyrənməsi, verilənlərin təhlili, kibertəhlükəsizlik, bulud texnologiyaları, kompüter görməsi, rəqəmsal dövlət, əşyaların interneti, blokçeyn, təbii dilin emalı və digər müasir ixtisaslaşmalar mövcuddur.
Bu, bakalavra bir neçə fərqli yol seçmək imkanı verir:
• öz sahəsində biliklərini dərinləşdirmək;
• informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmaq;
• data elmləri və süni intellekt üzrə ixtisaslaşmaq;
• mühəndislik və robototexnika istiqamətinə yönəlmək;
• elmi-tədqiqat fəaliyyətinə başlamaq.
Lakin seçim imkanlarının çox olması qərarın avtomatik olaraq asan olması demək deyil. Əksinə, geniş seçim daha ciddi düşünməyi tələb edir.
Əsas sual “Mən hara qəbul ola bilərəm?” deyil, “Mən hansı sahədə inkişaf etmək və işləmək istəyirəm?” olmalıdır".