BDU-da köçürülmə qərarından tələbələr narazıdır - ŞİKAYƏT VAR

BDU-da köçürülmə qərarından tələbələr narazıdır - ŞİKAYƏT VAR
Bölmə adı Xəbərlər
Yayımlandı 15 İyul 2026, 20:27

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya və Ekologiya fakültələrinin tələbələri fakültələrin başqa binaya köçürülməsi qərarı ilə bağlı narazılıqlarını Aztehsil.az-a bildiriblər.

Tələbələrin sözlərinə görə, universitet seçimi zamanı BDU-nun əsas kampusunu, tədris mühitini və mövcud imkanlarını nəzərə alıblar. Onlar bildirirlər ki, fakültələrin daimi olaraq başqa binaya köçürüləcəyi barədə məlumat verilib və bu qərar gündəlik həyatlarına ciddi təsir göstərir.

Tələbələr qeyd edirlər ki, onların bir çoxu əsas tədris korpusuna yaxın ərazilərdə kirayə mənzil tutub, gündəlik marşrutlarını və iş qrafiklərini də buna uyğun planlaşdırıb.

Onların sözlərinə görə, Ekologiya və Coğrafiya fakültələrində laboratoriya və praktiki məşğələlər təhsil prosesinin ayrılmaz hissəsidir. Buna görə də yeni binadakı laboratoriya və digər tədris imkanlarının hansı səviyyədə olacağı ilə bağlı ciddi narahatlıqları var.

Tələbələr həmçinin iddia edirlər ki, ünvanladıqları suallara aydın cavab verilmir, narazılıqlarını ifadə etmək istəyən bəzi tələbələrlə sərt tərzdə danışılır. Onların sözlərinə görə, bu məqsədlə yaradılmış WhatsApp qruplarının bağlanması da tələb olunub.

Tələbələrin fikrincə, bu vəziyyət onların öz fikirlərini sərbəst şəkildə ifadə etmələrinə mane olur və narahatlıq yaradır.

Sonda tələbələr universitet rəhbərliyinə müraciət edərək səslərinin eşidilməsini, qəbul olunan qərarlarda tələbə rəylərinin nəzərə alınmasını və məsələyə yenidən baxılmasını xahiş edirlər.

Bakı Dövlət Universitetinin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.