Doktoranturaya qəbul zamanı beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı namizədlər arasında yaranan narazılıqlara Dövlət İmtahan Mərkəzi (DİM) münasibət bildirib.
DİM-dən Aztehsil.az-a verilən açıqlamada bildirilib ki, doktoranturaya qəbul zamanı təqdim olunan beynəlxalq dil sertifikatlarının həqiqiliyinin və keçid balına ekvivalentliyinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 28 aprel 2023-cü il tarixli 38/İ-3 nömrəli əmri ilə təsdiq edilmiş müvafiq Qayda ilə tənzimlənir.
Qeyd olunub ki, həmin Qaydanın 2, 5, 6, 7, 8 və xüsusilə 9-cu bəndlərinə əsasən, DİM beynəlxalq dil sertifikatlarının həqiqiliyini və keçid balına ekvivalentliyini müəyyən etmək, bu məqsədlə ilkin və sonrakı araşdırmalar aparmaq, zərurət yarandıqda namizədlərlə izahat görüşü keçirmək və əlavə aydınlaşdırıcı suallar vermək səlahiyyətinə malikdir. Eyni zamanda, Qaydanın 9-cu bəndinə əsasən, araşdırma nəticəsində uyğunsuzluq aşkar edildiyi və həmin uyğunsuzluq aradan qaldırılmadığı halda sertifikat qəbul edilmir.
Mərkəzin məlumatına görə, 2023-cü ildən etibarən beynəlxalq dil sertifikatlarının verifikasiyası zamanı qeyri-ənənəvi üsullarla və qeyri-şəffaf şəraitdə əldə olunmuş sertifikatlar aşkarlanıb. Bu halların əsasən TOEFL iBT Home Edition formatında, etibarlılığı ilə bağlı əlavə araşdırma tələb edən bəzi imtahan mərkəzlərində və xarici ölkələrdə əldə edilmiş sertifikatlarla bağlı olduğu bildirilib.
"DİM tərəfindən bu hallarla əlaqədar müvafiq beynəlxalq qiymətləndirmə təşkilatı olan ETS-ə sorğular göndərilib. Aparılmış araşdırmalar nəticəsində bəzi sertifikatların ETS tərəfindən etibarsız hesab edilərək ləğv edildiyi müəyyən olunub", – deyə açıqlamada qeyd edilib.
Bildirilib ki, ETS də TOEFL iBT Home Edition nəticələrinin qəbul olunub-olunmaması məsələsini ali təhsil müəssisələrinin və digər nəticəni qəbul edən təşkilatların səlahiyyətinə aid edir. Yəni həmin nəticələrin qəbul edilməsi və ya edilməməsi hər bir təşkilatın daxili qaydaları və qiymətləndirmə siyasəti əsasında müəyyənləşdirilir.
DİM vurğulayıb ki, dünyanın bir sıra nüfuzlu universitetləri də qəbul siyasətlərinə uyğun olaraq TOEFL iBT Home Edition nəticələrini ya ümumiyyətlə qəbul etmir, ya da bu nəticələrə münasibətdə əlavə yoxlama və məhdudiyyətlər tətbiq edir. Bu səbəbdən Mərkəzin yanaşmasının beynəlxalq praktikadan kənar olmadığı qeyd olunub.
Açıqlamaya əsasən, beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı tətbiq olunan yanaşma əvvəlcədən ictimaiyyətə açıqlanıb və bu barədə həm DİM-in rəsmi internet səhifəsində, həm də "Doktorantura – 2026" jurnalında məlumat yerləşdirilib.
DİM əlavə edib ki, əvvəlki illərdə əldə edilmiş təcrübə nəzərə alınaraq, cari qəbul ilində də müəyyən risk kateqoriyasına aid edilən, o cümlədən TOEFL iBT Home Edition formatında və ya etibarlılığı ilə bağlı əlavə araşdırma tələb edən imtahan mərkəzlərində əldə edilmiş sertifikatları təqdim edən namizədlərlə Qaydada nəzərdə tutulmuş izahat görüşləri keçirilib. Mərkəzin sözlərinə görə, bu görüşlər yeni imtahan təşkil etmək məqsədi daşımır və yalnız təqdim edilmiş sertifikatın həqiqiliyinin qiymətləndirilməsi, eləcə də aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə həyata keçirilir.
Məlumatda qeyd olunur ki, ilkin mərhələdə namizədlərlə şifahi görüş keçirilir, xaricdə olan namizədlər üçün isə onlayn iştirak imkanı yaradılır. Əgər namizədin nümayiş etdirdiyi dil biliyi ilə sertifikatda göstərilən nəticə arasında əsaslı uyğunsuzluq müşahidə edilərsə, digər dil bacarıqlarının da qiymətləndirilməsi məqsədilə əlavə görüş təyin olunur.
DİM-in açıqlamasına görə, təcrübə göstərir ki, ilkin mərhələdə ciddi uyğunsuzluq aşkarlanan hallarda namizədlərin əhəmiyyətli hissəsi sonrakı mərhələdə keçirilən görüşlərdə iştirak etmir.
Bundan başqa, cari qəbul ilində əlavə araşdırmaya cəlb edilən namizədlərin sertifikatları qəbul prosesindən maksimum üç ay əvvəl əldə olunub. Mərkəz hesab edir ki, belə qısa müddətdə dil biliyinin zəifləməsi ilə bağlı ehtimallar mövcud faktlarla təsdiqlənmir və sertifikat nəticəsi ilə faktiki dil biliyi arasında kəskin fərq əlavə araşdırma aparılması üçün əsas hesab olunur.
Sonda DİM vurğulayıb ki, həyata keçirilən bütün tədbirlər qüvvədə olan Qaydanın tələblərinə tam uyğundur və onların əsas məqsədi beynəlxalq dil sertifikatlarının həqiqiliyinin obyektiv şəkildə müəyyən edilməsi, doktoranturaya qəbul prosesində akademik dürüstlüyün, bərabərlik prinsiplərinin və qəbul prosesinə ictimai etimadın qorunmasıdır.