Bakı Slavyan Universitetində ikinci cəhd imtahanlarında iştirak edən bir qrup tələbə imtahanların keçirildiyi auditoriyalardakı şəraitdən narazıdırlar.
Tələbələrin sözlərinə görə, imtahan keçirilən otaqlarda kondisioner və ya effektiv havalandırma sistemi olmadığı üçün onlar yüksək temperatur şəraitində imtahan verməli olublar.
İddia edilib ki, bu vəziyyət xüsusilə isti yay günlərində diqqətin cəmlənməsinə və imtahan nəticələrinə mənfi təsir göstərir.
Tələbələr bildiriblər ki, narazılıq təkcə auditoriyalardakı şəraitlə bağlı deyil. Onların sözlərinə görə, imtahan cədvəlində də son anda dəyişiklik edilib. Sosial şəbəkələrdə və tələbələrin yazışmalarında paylaşılan görüntülərə əsasən, əvvəlcə iyunun 29-na təyin olunan bəzi imtahanlar iyunun 30-na keçirilib.
Tələbələr iddia edirlər ki, imtahan tarixinin dəyişdirilməsi onların hazırlıq planına təsir göstərib və bu barədə məlumat gec verilib.
Bununla yanaşı, ikinci cəhd imtahanlarının keçirildiyi auditoriyalarda kondisionerin işləmədiyi və ya, ümumiyyətlə, olmadığı, havalandırmanın isə kifayət etmədiyi bildirilib. Tələbələrin sözlərinə görə, yüksək temperatur səbəbindən bir neçə saat davam edən imtahan zamanı otaqda qalmaq çətin olub.
(Oxu.az)