Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Murad Məmmədov dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunan Sinqapur Milli Universitetinin "Maliyyə analizi və mühasibatlıq" ixtisasına illik 55 min ABŞ dolları məbləğində təqaüdlə qəbul olunub.
Aztəhsil.az xəbər verir ki, Murad Məmmədov 5 il əvvəl – 17 yaşında 669,4 balla Bakı Ali Neft Məktəbinin "Biznesin idarəolunması" ixtisasına qəbul olub və Prezident təqaüdünə layiq görülüb. O, ali təhsilini yüksək nəticələrlə başa vurub.
Tələbəlik illərində müxtəlif hakatonlarda iştirak edən Murad Məmmədov bir sıra uğurlara imza atıb. O, TEKNOFEST 2024 yarışında ikinci yerə layiq görülüb, Erasmus təqaüdü qazanaraq Polşanın AGH Elm və Texnologiya Universitetində təhsil alan yeganə tələbə olub.
Murad Məmmədov eyni zamanda SOCAR Könüllüləri qrupunun ilk üzvlərindən biri kimi fəaliyyət göstərib, daha sonra qrup rəhbəri vəzifəsini icra edib. O, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Adlı təqaüd”ünə də layiq görülüb.
Gənc mütəxəssis İtaliya, Albaniya, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq təlimlərdə iştirak edərək Azərbaycanı təmsil edib. 2024-cü ildə isə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təsis olunan “İlin Könüllüsü” mükafatına layiq görülüb.
İntellektual televiziya verilişlərində iştirak edərək qalib olan Murad Məmmədov, həmçinin Azərbaycan Biznes Keys Müsabiqəsinin ikiqat yarımfinalçısıdır.
Hazırda Murad Məmmədov Kapital Bankın Maliyyə menecmenti departamentində mütəxəssis vəzifəsində çalışır.